Bakı bir sıra ölkələri Azərbaycanın diplomatik nümayəndəliklərinin mühafizəsinin, diplomatların toxunulmazlığı və təhlükəsizliyinin, həmçinin soydaşlarımızın təhlükəsizliyinin möhkəmləndirilməsinə diqqəti artırmağa çağırıb.
“Azərbaycan tərəfi Fransa, Böyük Britaniya, İsveç, Polşa, Avstraliya, ABŞ, Niderland və Belçika kimi dost ölkələrə müraciət edərək, ölkənin diplomatik nümayəndəliklərinin mühafizəsinin, diplomatların toxunulmazlığı və təhlükəsizliyinin, həmçinin soydaşlarımızın təhlükəsizliyinin möhkəmləndirilməsinə diqqəti artırmağa çağırır. Azərbaycan tərəfi radikal erməni qüvvələrinin törətdiyi vandalizm aktlarının aidiyyəti dövlətlərin hüquq-mühafizə orqanları tərəfindən araşdırılmasını və bu cinayətləri törədənlərin hərəkətlərinə hüquqi qiymət verilməsini tələb edir”, - deyə Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir.
XİN vurğulayır ki, erməni radikal ünsürlərinin azərbaycanlı diplomatlara, eləcə də Fransa, Böyük Britaniya, İsveç, Polşa, Avstraliya, ABŞ, Niderland və Belçikada azərbaycanlı icmaların üzvlərinə qarşı yönələn nifrətə əsaslanan cinayət əməllərini qətiyyətlə pisləyir.
“Müvafiq ölkələrdə bu kimi təxribatların qarşısının alınmasına məsul olan qurumların vəzifələrinə tam məsuliyyətlə yanaşmalarını gözləyirik”, - deyə bəyanatda qeyd olunur.
Son bir həftə ərzində Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəliklərinə qarşı, eləcə də Ermənistan silahlı qüvvələrinin bu ilin 12 iyul tarixindən etibarən Azərbaycan və Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində başlatdığı hərbi təxribatla bağlı xarici ölkələrdəki azərbaycanlı icmanın üzvləri tərəfindən keçirilən aksiyalar zamanı dinc nümayişçilərə qarşı radikal erməni qüvvələri tərəfindən son dərəcə aqressiv təxribatçı əməllər həyata keçirilib.*
X.Nəsirzadə