Rusiya Ermənistan-Azərbaycan sərhədində gərginliyin aradan qaldırılması üçün mümkün olan hər şey edib. Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
“Bizim ”Rusiya tərəfi, həmçinin ATƏT-in Minsk qrupunun Rusiyadan həmsədri İqor Popov ilə diplomatik kanallarla intensiv dialoqumuz olub. Hərbi kanallar üzrə kommunikasiyalar və dialoq mexamizmimiz var, ondan da istifadə olunub. Hazırda Rusiya tərəfi vəziyyətin gərginliyinin aradan götürülməsi üçün mümkün olan hər şey edib. Xüsusilə, Rusiya və KTMT-nin digər üzv ölkələri rəylərini bildiriblər, qeyd olunub ki, meydana gələn vəziyyət, Ermənistan tərəfinin niyyət və təxribatlarına baxmayaraq, təşkilatın məsələsi deyil”, - Hacıyev Rusiyanın “Kommersant” nəşrinə müsahibəsində bildirib. Bu barədə “İnterfaks-Azərbaycan” məlumat verir.
Onun sözlərinə görə, sərhəddə gərginliyin yaradılması Ermənistan silahlı qüvvələri tərəfindən məqsədyönlü təxribat və hərbi-siyasi avantüra olub. “Biz bu hərəkətləri təcavüz, terror aktı, həmçinin silahlı qüvvələrdən Azərbaycana qarşı qanunsuz istifadə və dövlət sərhədinin pozulması cəhdi kimi qiymətləndiririk”, - Hacıyev qeyd edib.
O əlavə edib ki, Ermənistan tərəfi iki ölkənin sərhədində yeni münaqişə ocağı yaratmağa cəhd edir. “O cümlədən, onların strateji niyyətləri Şərq-Qərb xəttində nəqliyyat, həmçinin enerji, kommunikasiyalara təhlükə yaratmaqdır. Bundan başqa, Ermənistan daxilində vəziyyət kəskinləşir. Bununla da Ermənistan hökuməti əhalinin diqqətini, xüsusilə Covid-19-a qarşı mübarizə sahəsində fəaliyyətsizlik nəticəsində ölkə daxilindəki problemlərdən yayındırmağa çalışır. Eyni zamanda, Ermənistan tərəfi münaqişəyə üçüncü tərəfləri, həmçinin daimi üzv olduğu hərbi-siyasi alyansları (KTMT nəzərdə tutulur -“Ъ”) cəlb etməyə cəhd edir. Lakin həmin təşkilata üzv ölkələr Ermənistanın niyyətini tam şəkildə anlayaraq müxtəlf səviyyələrdə öz rəylərini bildiriblər. Azərbaycanın həmin təşkilatın bütün üzv ölkələri ilə dost münasibətləri var, Ermənistan istisna olmaqla. Ermənistan tərəfinin məkrli cəhdləri heç bir nəticə verməyib”, - Azərbaycan Prezidentinin köməkçisi bildirib. **
A.Əzizov