2020-ci ilin birinci yarısında “AzerGold” QSC 28,5 min unsiya qızıl və 62 min unsiya gümüş hasil edib. Bu barədə “İnterfaks-Azərbaycan”a cəmiyyətdən məlumat verilir.
“Cari ilin birinci yarısında “AzerGold” 28,5 min unsiya qızıl və 62 min unsiya gümüş hasil edib. 2019-cu ilin analoji dövrü ilə müqayisədə qızıl hasilatın həcmi 20,3%, gümüş hasilatının həcmi – 40,9% artıb”, - şirkətdən qeyd ediblər.
2020-ci ilin birinci yarısında cəmiyyət 25,1 min unsiya qızıl və 55,6 min unsiya gümüş ixrac edib.
“Birinci yarımillikdə şirkətin əlvan metalların ixracından gəlirləri $43,2 milyon (73,5 milyon manat) təşkil edib, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 41% çoxdur”, - cəmiyyətdən qeyd olunub.
2020-ci ilin yanvar-iyun aylarında “AzerGold”un dövlət büdcəsinə vergi ödnişləri 4,5 milyon manat, DSMF-yə ayırmaları – 1milyon manat təşkil edib.
Öncə cəmiyyətin sədri Zakir İbrahimov məlumat verib ki, 2019-cu ildə şirkət 55,2 min unsiya qızıl və 103 min unsiya gümüş hasil edib. 2019-cu ildə cəmiyyət beynəlxalq bazarda 59,6 min unsiya qızıl və 14,6 min unsiya gümüş satıb.
2020-ci ildə “AzerGold” 55,2 min unsiya qızıl və 103,7 min unsiya gümüş hasil etməyi planlaşdırır.
“AzerGold” QSC prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli fərmanı ilə yaradılıb.
Cəmiyyət Qaradağ, Çovdar, Göydağ, Dağkəsəmən filiz sahələrinin, Köhnəmədən sahəsinin və Kürəkçay hövzəsi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və idarə olunması ilə məşğul olur.**
N.Abbasova