Milli Məclisin sədri Sahibə Qafarova COVID-19 pandemiyası bitdikdən sonra ilk səfərlərdən birini Rusiya Federasiyasına etməyi planlaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Milli Məclisdən məlumat verilib.
“İyulun 24-də S.Qafarova Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov ilə görüşüb. Azərbaycan-Rusiya əlaqələrinin möhkəm dostluğa əsaslandığını qeyd edən səfir iki ölkə arasında olan münasibətlərin müxtəlif sahələri əhatə etməsindən məmnunluğunu vurğulayıb”, - deyə məlumatda bildirilir.
S.Qafarova mövcud münasibətlərin parlamentlərarası əməkdaşlığın gələcək perspektivi üçün çox yaxşı zəmin yaratdığını qeyd edib, humanitar sahədə əməkdaşlığın vacibliyini vurğulayıb.
“Milli Məclisin sədri Ermənistan tərəfindən törədilən təxribata etiraz olaraq son günlərdə dünyanın müxtəlif ölkələrində dinc aksiyalar keçirən azərbaycanlılara qarşı ermənilər tərəfindən hücumların təşkil edilməsini kəskin şəkildə qınayıb”, - deyə məlumatda qeyd olunur.
Səfir M.Boçarnikov ATƏT-in Minsk qrupunun üzvlərindən biri kimi Rusiyanın problemin sülh yolu ilə həll edilməsində maksimum səy göstərdiyini bir daha qeyd edib.
Görüşdə səfir Rusiya Federasiyası Federal Şurasının Federal Məclisinin sədri Valentina Matviyenkonun dəvətini xatırladaraq, ən qısa zamanda Milli Məclis sədrini Moskvada gözlədiklərini bildirib.
S.Qafarova, öz növbəsində, COVID-19 pandemiyası səbəbindən hazırda bütün səfərlərin vaxtının dəyişdirilməsindən təəssüfləndiyini qeyd edərək, pandemiya bitdikdən sonra ilk səfərlərdən birinin məhz Rusiya Federasiyasına ediləcəyini vurğulayıb.*