Cümə günü Avropa İttifaqının (Aİ) Azərbaycan Respublikasındakı nümayəndəsi Kestutis Yankauskas və Belçika Krallığının Bakıdakı səfiri Bert Şufs Xarici İşlər Nazirliyinə çağırılıb və xarici işlər nazirinin müavini Xələf Xələfovla görüş keçirilib.
“Görüşdə Xələfov son zamanlar radikal ermənilər tərəfindən Avropanın bir çox ölkələrinin paytaxtlarında və böyük şəhərlərində azərbaycanlılara qarşı vandalizm aktlarının törədildiyi, eləcə də Azərbaycanın diplomatik nümayəndəlik və konsulluqlarına müdaxilə cəhdlərinin edildiyi, həmin ölkələrdə fəaliyyət göstərən diplomatlarımızın təhdid edildiyi, soydaşlarımıza qarşı hücumların təşkil edildiyi qarşı tərəfin diqqətinə çatdırıb”, - XİN-in mətbuat xidməti məlumat verir.
Görüşdə qeyd olunub ki, 22 iyul tarixində Belçika Erməniləri Komitəsinin çağırışına uyğun olaraq, Brüsseldəki Azərbaycan səfirliyi qarşısında ciddi təxribat və vandalizm aktları ilə müşayiət olunan kütləvi nümayiş keçirilib. Öncədən Belçikanın bütün aidiyyəti hökumət orqanlarına Azərbaycan tərəfindən dəfələrlə xəbərdarlıqlara baxmayaraq, bu təxribatların qarşısının istənilən səviyyədə alınmayıb.
“Bu təxribat zamanı 6 azərbaycanlı xəsarət alıb. Xələfov qeyd edib ki, Belçikanın müvafiq orqanları tərəfindən məsələ ciddi şəkildə araşdırılmalı, məsələyə hüquqi qiymət verilməli, cinayət və vandalizm aktı törətmiş şəxslər məsuliyyətə cəlb edilməlidirlər”, - XİN-dən vurğulanıb.
Belçika Krallığının səfiri Brüsseldə keçirilən aksiyanın icazəsiz olduğunu, bu barədə məlumatlı olduqlarını və məhz bu səbəbdən səfirliyin ərazisinə çox sayda polislərin yerləşdirildiyini bildirib. Bununla belə, polislərin sayı yetərli olmayıb və dinc nümayişçilərə qarşı hücum edilib.
Şufs əlavə edib ki, Belçika hökuməti bunu ciddi bir hal kimi qəbul edib, məsələ araşdırılaraq, görüləcək işlərlə bağlı rəsmi Bakıya məlumat veriləcək. **
A.Əzizov