ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistan və Azərbaycanı Dağlıq Qarabağ münaqişəsinin həlli məqsədilə ciddi əsaslı danışıqlara hazırlaşmağa çağırıblar.
ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa), Endryu Şefer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik bu bəyanatla çıxış ediblər.
“16 iyul tarixindən etibarən Azərbaycan-Ermənistan sərhədi boyunca nisbi sabitliyi hökm sürməsini alqışlayırıq. Tərəfləri münaqişənin hərtərəfli həllini tapmaq üçün ciddi əsaslı danışıqlara hazırlaşmaq üçün hazırkı aktiv hərbi əməliyyatların azaldılmasından faydalanmağa çağırırıq. Bir daha vurğulayırıq ki, bu həssas dövrdə təxribatçı bəyanatlardan və hərəkətlərdən, o cümlədən mülki şəxslərə və ya həyati əhəmiyyətli infrastrukturlar üçün təhdidlərdən çəkinmək vacibdir”, - bəyanatda deyilir. Həmsədrlər qeyd edirlər ki, həmsədr ölkələrin birgə səylərini tənqid edən və ya birtərəfli qaydada yeni "şərtlər" yaratmaq, yaxud tənzimləmə prosesi formatında dəyişikliklər edilməsi konstruktiv dialoqun başlamasına imkan vermir.
Həmsədrlər bir daha əminliklə bildirirlər ki, davamlı sülh yolu ilə nizamlanmaya nail olmaq üçün ən yaxşı şəkildə siyasi iradə nümayiş etdirmək, maksimalist mövqelərdən çəkinmək, atəşkəs rejiminə ciddi riayət etmək və təxribatçı bəyanat və hərəkətlərdən çəkinmək lazımdır.
“Həmsədrlər şərtlər olmadan etimadla tez bir zamanda danışıqlar masasına qayıtmağa dair artmaqda olan beynəlxalq konsensusu alqışlayıblar. Həmsədrlər istənilən vaxt rəhbərlər və ya onların nümayəndələri ilə görüşməyə hazırdırlar. Həmçinin, vurğulayırlar ki, ATƏT müşahidəçiləri ən qısa müddətdə bölgəyə qayıtmalıdırlar», - bəyanatda qeyd olunur. **
N.Abbasova