“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi ortamüddətli dövrdə manatın ABŞ dollarına nisbətdə məzənnəsinin 1,7 AZN/$1 səviyyəsində saxlanılacağını proqnozlaşdırır, lakin neftin qiymətinin ucuzlaşacağı halda məzənnədə korreksiyanı mümkün hesab edir.
"Fikrimizcə, neftin qiymətinin qeyri-sabit konyukturası və Azərbaycanın əsas ticarət tərəfdaşlarının valyutalarının dəyərsizləşməsi fonunda manatın dollara qarşı məzənnəsi təzyiq altında qalır. Bununla belə, güman edirik ki, hökumət valyuta bazarında müntəzəm müdaxilələr yolu ilə manatın dollara nisbətən məzənnəsini 1,7 AZN/$1 səviyyəsində saxlayacaq", - deyə agentliyin analitikləri hesab edirlər.
Devalvasiya təzyiqi bu ilin martında gücləndiyi üçün Azərbaycan Mərkəzi Bankının Dövlət Neft Fondunun iştirakı ilə planlaşdırılmış və növbədənkənar valyuta hərracları kifayət qədər xarici valyuta təklifini təmin edib, aprel-may ayları ərzində idxalın azalması isə valyutaya tələbi azaldıb.
"Əgər neftin qiyməti daha az əlverişli olarsa, rəsmi orqanlar 2015-ci ildə müşahidə edilmiş valyuta ehtiyatlarının əhəmiyyətli itkisinin qarşısını almaq üçün mübadilə məzənnəsində düzəlişlər edə bilər", - deyə S&P-nin analitikləri hesab edirlər.
Agentliyin proqnozlarına görə, 2020-2023-cü illərdə manatın dollara qarşı orta məzənnəsi 1,7 AZN/$1 təşkil edəcək.
Mart ayında neftin kəskin ucuzlaşması fonunda Azərbaycanda xarici valyutaya tələb artsa da, martın 29-dan etibarən tədricən azalmağa başlayıb.
Dövlət Neft Fondunun məlumatına görə, 2020-ci ilin yanvar-iyun aylarında keçirilmiş valyuta hərraclarında fond tərəfindən $4 milyard 10,2 milyon (ötən ilin müvafiq dövrü ilə müqayisədə artım 51,7% - İF), mart ayında $1 milyard 928,3 milyon, aprel ayında $531,1 milyon, may ayında $334 milyon, iyun ayında $373,2 milyon məbləğində xarici valyuta satılıb.*
Ə.Məmmədov