2020-ci ilin yanvar-iyun aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) agent bankları tərəfindən 93,4 milyon manat məbləğində ipoteka krediti verilib ki, bu da 2019-cu ilin müvafiq dövrünün göstəricisindən 6,6% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
İyunda fondun agent bankları tərəfindən 18,7 milyon manat məbləğində ipoteka krediti verilib.
AMB-nin məlumatına görə, yanvar-iyun aylarında İKZF 17,8 milyon manat məbləğində kreditləri təkrar maliyyələşdirib (2019-cu ilin yanvar-iyun ayları ilə müqayisədə azalma 86,9% - İF).
2020-ci ilin iyun ayında fond sosial ipotekanın maliyyələşdirilməsi üçün dövlət büdcəsindən vəsait almayıb. Ümumilikdə, ilin əvvəlindən hökumət sosial ipotekanın maliyyələşdirilməsi üçün dövlət büdcəsindən fonda 75,5 milyon manat ayırıb.
Bundan başqa, İKZF I yarımillikdə istiqrazların yerləşdirilməsindən 100 milyon manat cəlb edib.
2019-cu ildə fondun agent bankları tərəfindən 173,3 milyon manat məbləğində ipoteka krediti verilib.
Prezident İlham Əliyev 2017-ci il dekabrın 26-da “Azərbaycan İpoteka Fondu” ASC-nin ləğv edilməsi və İpoteka və Kredit Zəmanət Fondunun yaradılması haqqında fərman imzalayıb.
Kommersiya şərtləri ilə ipoteka kreditləri manatla və yalnız Azərbaycan vətəndaşlarına verilir. Kreditlər 3 ildən 25 ilədək müddətə verilir. Kreditin maksimum həcmi 150 min manatı keçməməlidir. Kredit illik 8%-dən çox olmayan dərəcə ilə verilir. İlkin ödəniş 15-25% təşkil edir.
Dövlət büdcəsindən yalnız sosial ipoteka maliyyələşdirilir. Onun maksimum məbləği 100 min manat təşkil edir, illik faiz dərəcəsi 4%-dən çox deyil. Müddəti 30 ilə qədərdir. İlkin ödəniş 10% təşkil edir.*
Ə.Məmmədov