Azərbaycan Mərkəzi Bankı (AMB) 2020-ci ilin I yarısında fiziki şəxslər üçün milli valyutada kreditlər üzrə orta faiz dərəcələrinin azaldığını qeyd edir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
2020-ci il iyulun 1-nə milli valyutada kreditlər üzrə orta faiz dərəcəsi 2019-cu ilin yekunları üzrə 13,92%-ə qarşı 13,67% təşkil edib.
Cari ilin I yarısının sonuna xarici valyutada kreditlər üzrə orta faiz dərəcəsi 5,61% təşkil edib, 2019-cu ilin sonuna bu göstərici 5,9%-ə bərabər olub.
Bununla yanaşı, iyul ayının əvvəlinə hüquqi şəxslər üçün milli valyutada kreditlər üzrə orta faiz dərəcəsi 8,71% (2019-cu ilin sonuna 8,8%), xarici valyutada 5,08% (5,33%) təşkil edib.
Hesabat dövrünün sonuna fiziki şəxslər üçün milli valyutada kreditlər üzrə orta faiz dərəcəsi 16,37% (16,63%), xarici valyutada 8,31% (8,01%) təşkil edib.
AMB-nin məlumatına görə, hesabat dövründə milli və xarici valyutalarda cəlb edilən depozit və əmanətlər üzrə orta faiz dərəcələrinin azalması müşahidə olunub.
Xüsusilə iyun ayının sonuna milli valyutada depozit və əmanətlər üzrə orta faiz dərəcəsi 8,59% (ötən ilin sonuna 9,27%), xarici valyutada əmanətlər üzrə orta faiz dərəcəsi 1,6% (1,84%) təşkil edib.
30 iyun tarixinə hüquqi şəxslər üçün milli valyutada əmanət və depozitlər üzrə orta faiz dərəcəsi 5,84% (4,71%), xarici valyutada 1,05% (1,1%) təşkil edib.
Hesabat dövrünün sonuna fiziki şəxslər üçün milli valyutada əmanət və depozitlər üzrə orta faiz dərəcəsi 8,95% (9,68%), xarici valyutada 2,06% (2,4%) təşkil edib.*
Ə.Məmmədov