Səhiyyə Nazirliyi koronaviruslu xəstələrin görüntülü zənglər vasitəsilə diaqnostikası layihəsini işə salıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə nazirlikdən məlumat verilib.
“Səhiyyə Nazirliyinin «Teletəbabət» adlı pilot layihəsinin sayəsində COVID-19 və digər kəskin respirator xəstəliklərin məsafəli diaqnostikasını onlayn şəkildə aparmaq imkanı yaradılıb”, - deyə məlumatda bildirilir.
«Teletəbabət» pilot layihəsinin çərçivəsində xəstələr həkim qəbulundan onlayn video bağlantılar vasitəsilə keçmək imkanını əldə edir. Belə ki, koronavirus infeksiyasına yoluxmuş xəstələrin xüsusi mobil tətbiqin vasitəsilə məsafəli konsultasiyasına artıq başlanılıb. Üstəlik, simptomsuz və ya evdə müalicə alan yüngül simptomlu pasiyentlər tərəfindən öz evlərində, xəstəxana və ya poliklinikaya getmədən onlayn qaydada həkim məsləhətlərinin alınmasına start verilib.
Yeni xidmətdən istifadə həm həkim, həm pasiyent üçün istifadəsi olduqca rahat və sadədir. Bunun üçün “Doctor Online” tədbiqini cihaza sadəcə yükləmək kifayətdir. Burada pasiyent onu müalicə edən həkimi ilə həm adi, həm də görünlülü zənglər vasitəsilə təmas qurub, daim ünsiyyətdə qalır. Tibbi işçilər xəstələrə onlayn şəkildə tövsiyələr və məsləhətlərini verir, mütəmadi konsultasiyaların aparılmasını və müşahidə xidmətlərini göstərir.*
B.Rüstəmbəyov