Azərbaycanda təhsil səviyyəsi iqtisadi və sənaye inkişafı ilə uzlaşmalıdır. Bunu prezident İlham Əliyev deyib.
“Bizim təhsil sistemimiz ölkəmizin ümumi iqtisadi və sənaye inkişafı ilə uzlaşmalıdır.Ona görə, xüsusilə ali məktəblərə qəbul mərhələsində bütün bu məsələlər dərindən təhlil edilməlidir. Bizə hansı sahə üzrə nə qədər mütəxəssis lazımdır? Humanitar sahədə fəaliyyət göstərəcək nə qədər mütəxəssis lazımdır? Bu işlər aidiyyəti qurumlarla düzgün təhlil edilib konkret təkliflər verilməlidir”, - deyə dövlət başçısı bu gün Emin Əmrullayevi təhsil naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən bildirib.
O, Dördüncü Sənaye İnqilabının reallıqları ilə hesablaşmağın və yeni tələblərə cavab verən kadrların hazırlığı ilə məşğul olmağın vacibliyini qeyd edib.
“Rəqəmsallaşma, müasir texnologiyaların geniş yayılması və tətbiq edilməsi bəzi peşələri lazımsız edir. Bu peşələr artıq aradan qalxıb və olmayacaq. Ona görə, buna da daim fikir verməlisiniz. O peşələr ki, beş ildən sonra olmayacaq, bu peşələr üzrə mütəxəssislərin hazırlanmasına ehtiyac yoxdur. Amma bununla paralel olaraq, yeni peşələr ortaya çıxacaq, hansılar ki, bu gün yoxdur. Lakin hansı peşələrin olacağı ehtimal edilir, bu peşələr üzrə bizdə mütəxəssislər hazırlanmalıdır. Eyni zamanda, bəzi peşələrin aradan qaldırılması bizim üçün başqa bir problem yarada bilər. Təhsil Nazirliyi bu işləri aidiyyəti qurumlarla düzgün təhlil edib konkret təkliflər verməlidir”, - deyə İ.Əliyev vurğulayıb.
Prezident, həmçinin əsas istiqamətlərdən biri olan peşə təhsilinin inkişafının vacibliyini diqqətə çatdırıb.
"Bu gün ölkədə çoxlu sayda texniki-peşə məktəbi yaradılıb. Lazımi kadrların olması üçün texniki-peşə təhsili təşviq edilməlidir. Bu gün bizdə kənd təsərrüfatı və turizm güclü inkişaf edir. Deməli, bizə bu istiqamətlərdə məktəblər lazımdır. Bundan başqa, menecment sahəsində peşəkarlar və müxtəlif texniki sahələrdə mütəxəssislər hazırlayan təhsil müəssisələri lazımdır”, - deyə İ.Əliyev əlavə edib.*
Ə.Məmmədov