Təhsil sahəsində bu günə qədər aparılan islahatlar daha da dərinləşməlidir. Bunu prezident İlham Əliyev deyib.
“Təhsil ölkəmizin ümumi inkişafına uyğun şəkildə inkişaf etməlidir və ən müasir tələblərə cavab verməlidir. Sonrakı illərdə bu sahədə çox böyük işlər görülüb, təhsil sahəsi daim diqqət mərkəzindədir və bu da təbiidir. Çünki hər bir ölkənin bu günü və gələcəyi təhsillə bilavasitə bağlıdır. İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, orada təhsilin səviyyəsi yüksəkdir. Təhsilin səviyyəsi, eyni zamanda, elmi-texniki tərəqqini də böyük dərəcədə şərtləndirir. İnkişaf etmiş ölkələrin təcrübəsinə baxdıqda, görürük ki, onları inkişaf etmiş ölkələrə çevirən təbii resurslar yox, məhz bilik, savad, təhsil və elmin inkişafıdır. Ona görə artıq 17 ildir ki, mənim təşəbbüsümlə Azərbaycanda qara qızılı insan kapitalına çevirmək prinsipi əsasında islahatlar aparılır. Lakin təhsildə islahatlar dərinləşməlidir”, – deyə dövlət başçısı bu gün Emin Əmrullayevi təhsil naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən bildirib.
O qeyd edib ki, təhsilin maddi-texniki bazasının böyük dərəcədə yenilənməsi artıq həll olunub, 3500-dən çox məktəb ya yenidən tikilib, ya da ki, əsaslı təmir edilib.
“Azərbaycanda ali məktəblərin mütləq əksəriyyəti müasir standartlara cavab verir. Ancaq həllini gözləyən məsələlər də həyatda öz həllini tapmalıdır və burada vaxt itirmək olmaz. Xüsusilə, dağ kəndlərində və ucqar kəndlərdə modul tipli məktəblərin tikintisi layihəsi də yaxın iki il ərzində başa çatmalıdır. İndi bir çox ucqar kəndlərdə bu layihə icra edilir. Kənd sakinləri də, uşaqlar da bundan çox razıdırlar. Bu proqram dövlət büdcəsinin xətti ilə icra edilir və ona görə yenə də deyirəm, bunun tamamlanması 2021-2022-ci ildə başa çatmalıdır. Təbii ki, dünyada gedən müsbət tendensiyalara daim fikir verilməlidir. İnkişaf etmiş ölkələrdə aparılan islahatlar dərindən təhlil edilməlidir və onların bizə uyğun olan hissəsi Azərbaycanda tətbiq olunmalıdır”, - deyə İ.Əliyev vurğulayıb.
Onun sözlərinə görə, xarici ali məktəblərin Azərbaycanda filiallarının yaradılması siyasəti davam etdirilməlidir.
“Artıq qısa müddət ərzində Azərbaycanda 3 xarici ali məktəbin filialı fəaliyyət göstərir. Hesab edirəm ki, onların sayı daha da çox ola bilər və bu məsələlərlə siz bilavasitə məşğul olacaqsınız”, - deyə Əliyev Əmrullayevə müraciət edərək bildirib.*
X.Nəsirzadə