Prezident İlham Əliyev “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020–2022-ci illər üçün Tədbirlər Planı”nı təsdiq edib.
Sərəncamın mətni bu gün dövlət başçısının saytında dərc olunub.
Sərəncama əsasən, Nazirlər Kabinetinə hər il ölkə üzrə son üç ilin faktiki, cari ilin gözlənilən və növbəti ilin proqnoz göstəriciləri əsasında su təsərrüfatı balansını təsdiq etmək tapşırılıb.
Bundan başqa, Nazirlər Kabineti sudan ödənişli istifadə qaydalarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla iki ay müddətində təsdiq etməli və təsərrüfat subyektləri arasında sudan ödənişli istifadəyə dair uçotun həmin qaydalara uyğun təşkilini təmin etməlidir.
“Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 15 aprel tarixli Sərəncamı ilə yaradılmış Komissiya Tədbirlər Planının icrası zamanı dövlət orqanlarının (qurumlarının) fəaliyyətini əlaqələndirməli və görülən işlərin nəticələri barədə Azərbaycan Respublikasının Prezidentinə mütəmadi məlumat təqdim etməlidir.
Komissiya suvarma, içməli su təchizatı, energetika və sənaye sahələrində su ehtiyatlarından səmərəli və qənaətli istifadəni təmin etmək məqsədilə elmi müəssisələrlə (təşkilatlarla), mütəxəssislərlə, qeyri-hökumət təşkilatları ilə, beynəlxalq ekspertlər və beynəlxalq maliyyə qurumları ilə əməkdaşlığı təmin etməlidir.
İqtisadiyyat Nazirliyinə Maliyyə Nazirliyi ilə birlikdə nəzərdə tutulan tədbirlərin icrası üçün tələb olunan maliyyə vəsaiti barədə təkliflərini həmin tədbirlərin icra müddətlərinə uyğun olaraq Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb.
“Azərkosmos” ASC-yə su ehtiyatlarının qiymətləndirilməsi və onlardan səmərəli istifadənin təmin edilməsi ilə bağlı Komissiyanın fəaliyyətinə peyk xidmətləri vasitəsilə zəruri dəstək göstərilməsini təmin etmək tapşırılıb.*
B.Rüstəmbəyov