İyulun 27-də İordaniya Haşimilər Krallığının Azərbaycandakı səfiri Sami Abdulla Goşeh Xarici İşlər Nazirliyinə çağırılıb.
XİN-in məlumatına görə, xarici işlər nazirinin müavini Araz Əzimov İordaniya səfiri ilə bu ölkənin Ermənistana silah satışı məsələsini müzakirə edib.
“Əzimov Ermənistanın işğalçı siyasətinin nəticələrinin aradan qaldırılmadığı və hələ də ərazilərimizin beşdəbirinin düşmən işğalı altında qaldığı, yüz minlərlə azərbaycanlının məcburi köçkün vəziyyətində yaşadığı və Ermənistanın iki dövlətin beynəlxalq sərhədində sonuncu hərbi təxribatının bu ölkənin təcavüzkar niyyətindən əl çəkmədiyini növbəti dəfə açıq şəkildə nümayiş etdirdiyi bir vaxtda İordaniya tərəfinin işğalçı ölkəyə silah satması ilə bağlı yayılan xəbərlərin geniş ictimaiyyətdə narazılıqla qarşılandığını səfirin diqqətinə çatdırıb”, - deyə məlumatda bildirilir.
İordaniya səfiri Azərbaycan tərəfinin narahatlığını anladığını qeyd edib. Azərbaycanla mövcud olan əlaqələrin strateji xarakterini nəzərə alaraq, mövcud narahatlığın aradan qaldırılması üçün bütün səylərini göstərəcəyini vəd edib.
Qeyd edək ki, bir sıra Azərbaycan KİV-ləri İordaniyanın Ermənistana müxtəlif silah və sursat, xüsusilə İordaniyada istehsal olunan tank əleyhinə əldə daşınan qumbaraatan kompleksinin (RPQ-32) satışını həyata keçirməsi barədə məlumat yayıb.*
B.Rüstəmbəyov