Energetika Nazirliyi “Azərenerji” ASC ilə birlikdə 2021-ci ilədək istilik elektrik stansiyalarında soyutma məqsədilə sudan qənaətli istifadənin təmin edilməsi ilə bağlı təkliflər hazırlayacaq.
Bu tədbirlər prezident İlham Əliyevin bu gün təsdiq etdiyi “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020–2022-ci illər üçün Tədbirlər Planı”nda nəzərdə tutulub.
Tədbirlər Planına əsasən, Energetika Nazirliyi və “Azərenerji” ASC 2020-ci ilin avqust-dekabr aylarında istilik elektrik stansiyalarının soyutma sistemlərinin müasirləşdirilməsi və istilik elektrik stansiyalarında soyutma məqsədilə sudan qənaətli istifadənin təmin edilməsi ilə bağlı təkliflərini Nazirlər Kabinetinə təqdim etməlidir.
Bundan başqa, Energetika Nazirliyi və “Azərenerji” ASC ölkə üzrə elektrik enerjisi tezliyinin müstəqil tənzimlənməsi ilə bağlı təkliflərini 2020-ci ilin dekabr ayınadək Nazirlər Kabinetinə təqdim etməlidir.
Daha əvvəl baş nazirin müavini Şahin Mustafayev prezident İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirədə bildirib ki, energetika sahəsində su ehtiyatlarından səmərəli istifadə prioritet məsələlərdən biridir.
“Xüsusi əhəmiyyətli su anbarlarında qeyri-suvarma dövründə, o cümlədən qış aylarında su ehtiyatlarının artırılması məqsədilə istilik elektrik stansiyalarının soyutma sistemlərinin müasirləşdirilməsi, bu stansiyalarda soyutma məqsədilə sudan qənaətli istifadənin təmin edilməsi, ölkə üzrə elektrik enerjisi tezliyinin daha optimal formada tənzimlənməsi imkanları araşdırılmalıdır”, - deyə o qeyd edib.
Hazırda Azərbaycanda 14, o cümlədən Naxçıvan Muxtar Respublikasında 2 İES fəaliyyət göstərir.*
N.Abbasova