Neft hasilatının azalması üzrə OPEC+ sazişi Azərbaycanın “Azeri Light” markalı yüngül neftinin qiymətinin 2,85 dəfə artmasına imkan yaradıb. Bu barədə “İnterfaks-Azərbaycan”a SOCAR-dan məlumat verilib.
“Məlumdur ki, apreldə OPEC və OPEC+ ölkələrinin nazirləri 2022-ci ilin aprel ayınadək sutkalıq neft hasilatının üç mərhələdə azalmasına dair qərar qəbul ediblər. Nəticədə, “Azeri Light” neftinin bir barrel qiyməti tarixi minimumdan, yəni apreldəki $15,81-dən hazırki $45-dək artıb (artım 2,85 dəfə)”, - şirkətdən bildiriblər.
Eyni zamanda, şirktə vurğulanıb ki, OPEC+ çərçivəsində neft hasilatının məhdudlaşdırılması üzrə tədbirlərin davam etdirilməsi zəruridir.
“Koronavirus pandemiyası səbəbindən dünya bazarlarında hələ də bir müddət üçün qeyri-müəyyənlik proqnozlaşdırılır. Bu, neftin qiymətinin ucuzlaşmasının qarşısını almaq məsəqilə OPEC+ çərçivəsində hasilatın məhdudlaşdırılması üzrə tədbirlərin davam etdirilməsini diktə edir”, - şirkətdən qeyd ediblər.
Xəbər verildiyi kimi, 2020-ci il aprelin 21-də Azərbaycan neftinin bir barelinin qiyməti 19 il bundan əvvəlki antirekordu yeniləyərək $15,81-dək ucuzlaşıb. "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 2001-ci ilin dekabr ayında minimuma enərək $19,15, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək $149,66 olub.
“Azeri Light” markalı neft “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə SOCAR-ın payı 25% təşkil edir. Mənfəət nefti layihənin səhmdarları arasında müqavilədə iştirak payından asılı olaraq bölüşdürülür.
Azərbaycanda hasil edilən neftin 2/3 hissəsi AÇG-nin payına düşür.
OPEC və qeyri-OPEC ölkələri 12 aprel 2020-ci il tarixində keçirilmiş videokonfransda gündəlik neft hasilatının 2020-ci il mayın 1-dən 2022-ci ilin aprel ayınadək üç mərhələdə kollektiv surətdə azaldılması üzrə razılaşmanı təsdiqləyib. Birinci mərhələdə (2020-ci ilin may-iyun ayları) hasilat 9,7 milyon barrel azaldılacaq.
Lakin OPEC və OPEC+ ölkələri nazirlərinin iyunun 6-da keçirilən görüşündə OPEC+ ölkələri birinci mərhələdə gündəlik hasilatın daha bir ay – iyulun sonunadək azaldılması ilə bağlı razılığa gəliblər.
Saziş çərçivəsində Azərbaycan neft hasilatının (kondensat nəzərə alınmadan) 2018-ci ilin oktyabr ayının göstəricisindən (718 min barrel) azaldılması ilə bağlı öhdəlik götürüb. Bunu nəzərə alaraq cari ilin may-iyun aylarında Azərbaycan hasilatı bu rəqəmin 23%-i səviyyəsində, yəni 164 min barrel - 554 min barelədək, 2020-ci ilin iyul-dekabr aylarında 18% və ya 131 min barrel - 587 min barrelədək, 2021-ci ilin yanvar ayından 2022-ci ilin aprel ayınadək 14% və ya 98 min barrel - 620 min barrelədək azaltmalıdır.
Azərbaycan may ayında OPEC+ çərçivəsində neft hasilatının azaldılması üzrə öhdəliyini 98%, iyun ayında -100,1% yerinə yetirib.**
N.Abbasova