“Glassica” QSC Sumqayıt Kimya Sənaye Parkının yeni rezidenti olub, Parkda şüşə tara məhsullarının istehsalını təşkil edəcək. Bu barədə “İnterfaks-Azərbaycan”a SKSP MMC-dən məlumat verilir.
“Glassica” sənaye parkının ərazisində müxtəlif çeşidli rəngli şüşə tara məhsulları (butulka) istehsal edən zavod inşa edəcək. İstehsal prosesi Almaniyanın “HORN Glass Industries AG" şirkətinin texnologiyalarının tətbiqi ilə həyata keçiriləcək. Layihənin investisiya dəyəri 20 milyon manatdan çoxdur (cari məzənnə ilə $11,8 milyon dan artıq). İstifadəyə veriləndən sonra zavodda 70 daimi iş yeri yaradılacaq”, - Parkdan qeyd olunub.
İstehsal olunacaq məhsulların həm daxili bazara, həm də “Made in Azerbaijan” brendi ilə xarici ölkələrə ixrac olunması gözlənilir.
“Glassica” QSC Sumqayıt Kimya Sənaye Parkının 22-ci rezidenti olub.
Sumqayıt Kimya Sənaye Parkı ölkədə innovativ və yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli sənaye istehsalının inkişafı üçün münbit şəraitin formalaşdırılması, bu sahədə sahibkarlığın dəstəklənməsi, qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi və əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədilə yaradılıb.
Ümumilikdə, Parkın rezidentləri layihələrə $3,1 milyard yatırım etməlidirlər. 2020-ci il aprelin əvvəlinə rezidentlər tərəfindən faktiki olaraq $2,8 milyard yatırılıb. **
B.Rüstəmbəyov