Rəsmi Bakı Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə Ermənistanın danışıqlara hər hansı qeyd-şərt qoymaq və danışıqların formatını dəyişdirmək cəhdlərini qəbuledilməz hesab edir. Bunu XİN-in Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib.
“Ermənistan rəhbərliyinin danışıqlar prosesinin formatını və mahiyyətini qəsdən pozmağa yönəlmiş siyasəti və ziddiyyətli açıqlamaları açıq şəkildə nümayiş etdirir ki, bu ölkə işğala əsaslanan status-kvo vəziyyətinin möhkəmləndirilməsinə çalışır. Lakin vurğulamaq istərdik ki, təcavüzkar Ermənistanın danışıqlara hər hansı qeyd-şərt qoymaq və danışıqların formatını dəyişdirmək cəhdləri qəbuledilməzdir”, - Abdullayeva “İnterfaks-Azərbaycan”a bildirib.
O qeyd edib ki, 12 iyul tarixində iki dövlətin beynəlxalq sərhədinin Azərbaycanın Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin törətdiyi hərbi təxribat “öncədən planlaşdırılmış növbəti təcavüz aktı idi, bu gücdən istifadə cəhdinin bütün məsuliyyəti Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərindədir”.
“Bir daha vurğulayırıq ki, Azərbaycanın işğal olunmuş ərazilərindəki mövcud status-kvo vəziyyəti qəbuledilməzdir, çünki o, regional sülh və təhlükəsizlik üçün ciddi təhdid təşkil edir. İşğala əsaslanan status-kvonun dəyişdirilməsi üçün Ermənistan qoşunları BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə uyğun olaraq Azərbaycanın bütün işğal olunmuş ərazilərindən çıxarılmalıdır”, - Abdullayeva vurğulayıb. **
X.Nəsirzadə