“Trans Adriatic Pipeline” konsorsiumu (TAP AG) TAP boru kəməri üzrə qaynaq işlərini tamamlayıb.
“Boru kəmərində son qaynaq yekunlaşıb. Bu da o deməkdir ki, TANAP boru kəmərinə qoşulan hissədən İtaliyadakı qəbul terminalınadək 878 kilometrlik boru kəməri artıq birləşib. Bu, Cənub Qaz Dəhlizinin açılması istiqamətində daha bir mərhələdir”, - deyə TAP AG-nin məlumatında bildirilir.
İyunun sonuna TAP boru kəməri layihəsi üzrə işlərin 96,4 faizi yekunlaşıb.
TAP-ın ümumi uzunluğu 878 km təşkil edir, bunun 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniyadan, 105 km-i Adriatik dənizindən, 8 km-i isə İtaliya ərazisindən keçəcək.
TAP layihəsi “Mərhələ-2” çərçivəsində “Şahdəniz” yatağından hasil edilən 10 milyard kubmetr təbii qazın Yunanıstan və Albaniyadan Qərbi Avropaya nəqlini nəzərdə tutur. Azərbaycan qazının TAP ilə Avropaya nəqlinə 2020-ci ilin sonunadək başlanılacaq.
Layihənin səhmdarları BP (20%), SOCAR (20%), “Snam” (20%), “Fluxys” (19%), “Enagas” (16%) və “Axpo” (5%) şirkətləridir.
Layihənin dəyəri 4,5 milyard avrodur.
TAP-ın təməlatma mərasimi 17 may 2016-cı il tarixində Yunanıstanda keçirilib.*
N.Abbasova