“Azərbaycan Dəmir Yolları” QSC (ADY) dəyişən cərəyanla işləyən yeni elektrovozun ilk test yürüşünü keçirib.
“Dəyişən cərəyana keçid elektriklə işləyən lokomotivlərin dartı gücünü yaxşılaşdırmaqla dəmir yolları ilə daşınan yük həcminin və sərnişin sayının artırılmasına müsbət təsir edəcək. Sınaq yürüşü Gəncə yaxınlığında yerləşən Alabaşlı stansiyasında keçirilib və uğurlu alınıb”, - deyə ADY-nin məlumatında bildirilir.
Dəyişən cərəyan dartısına keçid enerji və digər resurslara qənaətə, xərclərin optimallaşdırılmasına, istismarın asanlaşmasına, qatarların hərəkət sürətinin artırılmasına və nəticə etibarilə yük və sərnişin daşınmasının yaxşılaşmasına gətirib çıxaracaq.
“Hazırda Azərbaycan Dəmir Yollarının lokomotivlərinin 90 faizi elektrik dartısı ilə hərəkət edir və bu səbəbdən ADY dəyişən cərəyan istifadəsini genişləndirməyi hədəfləyir. Bunun üçün 12 dartı yarımstansiyası tikilib və 768 kilometr kontakt şəbəkəsi yenidən qurulub. Həmçinin Alstom şirkətindən 40 ədəd dəyişən cərəyanlı yük lokomotivi və 10 ədəd ikili elektrik təchizatı sistemində (sabit və dəyişən cərəyanlı) işləyən sərnişin lokomotivi sifariş edilib. Onlardan 13 yük və 10 sərnişin lokomotivi artıq ölkəyə gətirilib. Dəyişən cərəyanla işləyən lokomotivlərin beynəlxalq istismar standartlarına uyğun saxlanılmasına və texniki baxışına imkan yaratmaq məqsədi ilə ADY tərəfindən iki müasir lokomotiv deposunun Biləcəri və Gəncədə tikintisi aparılır”, - deyə məlumatda qeyd olunur.*
N.Abbasova