Azərbaycan 2020-ci ilin yanvar-may aylarında Türkiyəyə "Şahdəniz" yatağından hasil edilmiş 4 milyard 527,39 milyon kubmetr qaz ixrac edib ki, bu da 2019-cu ilin müvafiq dövrünün göstəricisindən 20,4% çoxdur. Bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun məlumatında deyilir.
May ayında Türkiyəyə 881,58 milyon kubmetr Azərbaycan qazı ixrac olunub, bu isə Türkiyəyə qaz ixracının ümumi həcminin 33,05%-ni təşkil edib (2019-cu ilin may ayı ilə müqayisədə artım 14,51%).
Azərbaycan may ayında Türkiyəyə qaz ixracının həcminə görə liderliyini qoruyub saxlayıb. İkinci yerdə Qətər (19,5%), üçüncü yerdə Rusiya (12,74%), dördüncü yerdə Əlcəzair (10,57%), beşinci yerdə isə ABŞ (10,55%) qərarlaşıb.
Azərbaycan mart ayında Türkiyəyə qaz ixracının ümumi həcmində 23,45% payla birinci yeri tutub.
May ayında Türkiyəyə 2 milyard 667,41 milyon kubmetr qaz (2019-cu ilin may ayı ilə müqayisədə azalma 0,51%) ixrac edilib. 1 milyard 221,53 milyon kubmetr boru kəməri qazının (ixracın 45,8%-i, 2019-cu ilin may ayı ilə müqayisədə azalma 44,7%), 1 milyard 445,88 milyon kubmetr (54,2%, artım 3,1 dəfə) isə LNG-nin payına düşüb.
2019-cu ildə Azərbaycan Türkiyəyə "Şahdəniz" yatağından hasil edilmiş 9 milyard 584,78 milyon kubmetr qaz (artım 27,3%) ixrac edib.
Azərbaycan qazı Türkiyəyə yalnız “Şahdəniz” yatağının işlənməsi üzrə “Mərhələ-1” və “Mərhələ-2” çərçivəsində ixrac edilir.
“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator – 28,8%), “Petronas” (15,5%), SOCAR (16,7%), "LUKOIL” (10%), NICO (10%) və TPAO (19%) şirkətləridir.**
N.Abbasova