Ləğv prosesində olan banklarda müştərilərin blokda olan əmanətləri ilə bağlı məsələ yaxın zamanda həll olunacaq. Bunu AMB-nin sədri Elman Rüstəmov deyib.
“Azərbaycan Konstitusiya Məhkəməsi artıq bu məsələyə baxıb. Yalnız prosedur məqamlar qalıb. Düşünürəm ki, bu məsələ yaxın zamanda əhalinin xeyrinə öz həllini tapacaq”, - Rüstəmov bu gün mətbuat konfransında bildirib.
Xəbər verildiyi kimi, tənzimləyicilərin “Atabank” ASC, “AG Bank” ASC və “NBC Bank” ASC” tərəfindən əməliyyatların həyata keçirilməsinin dayandırılmasına dair təshih tədbirlərinin tətbiq olunmasına baxmayaraq, sözügedən banklar tərəfindən əmanətlər qəbul olunub. Həmin vəsaitlər qorunmayan əmanət kimi qeydə alınıb. Bu məsələlərlə əlaqədar sözügedən bankların əmanətçilərinin hüquqi mənafelərinin qorunması və əmanətlər üzrə kompensasiyaların verilməsi üçün Konstitusiya Məhkəməsinə müraciət olunması məqsədilə Əmanətlərin Sığortalanması Fondu tərəfindən Nazirlər Kabinetinə məktub ünvanlanıb.
Aprel-may aylarında AMB kapital problemi ilə üzləşmiş və ödəmə qabiliyyəti aşağı olan 4 bankın – “AtaBank”, “Amrahbank”, “AGBank” və “NBCBank”ın lisenziyalarının ləğv edilməsi barədə qərar qəbul edib. Bu banklar müflis elan edilib və onların ləğv edilməsi prosesi başlayıb. Bankların ləğvedicisi ADIF-dir.
Fondun məlumatına görə, iyulun 17-nə 14,8 min əmanətçi 305,2 milyon manatdan artıq məbləğində kompensasiya alıb. **
Ə.Məmmədov