2020-ci ilin birinci yarısında Azərbaycanda mehmanxana və mehmanxana tipli müəssisələrin gəlirləri 72 mln. manat ($42,4 milyon) təşkil edib, bu da 2019-cu ilin yanvar-iyun aylarının göstəricisindən 61,6% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
İkinci rübdə gəlirlərcəmi 12 milyon manat təşkil edib.
“Gəlirlərin 58,7%-i nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 28,6%-i içkilər də daxil olmaqla qida məhsullarının satışı üzrə xidmətlərdən, 3,3%-i müalicə və sağlamlıq xidmətlərindən, 9,4%-i isə digər xidmətlərin göstərilməsindən əldə edilib”, - Komitədən bildirilir.
Hesabat dövründə ölkə üzrə mehmanxanalarda 585,9 min gecələmə keçirilib (azalma 55,9%). Gecələmələrin 58,8%-i Bakıda, 8,1%-i Qəbələdə, 4,2%-i Naftalanda, 4,7%-i Qubada, 3,1%-i Naxçıvan Muxtar Respublikası, 8%-i Qusarda, 1,4% Şabranda, 1,1%-i Mingəçevirdə, 0,8%-i Gəncədə, 8,1%-i digər rayonlarda mehmanxanalarda qeydə alınıb.
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən keçirilmiş gecələmələrin sayı 340,8 min təşkil edib ki (azalma 64,3%). Gecələmələrin 15,6%-i Rusiya Federasiyası, 11,2%-i Birləşmiş Ərəb Əmirlikləri, 3,3%-i İran, 6,8%-i Türkiyə, 6,4%-i Hindistan, 11,2%-i Səudiyyə Ərəbistanı, 5,3%-i Böyük Britaniya, 5%-i Küveyt, 1,5%-i Pakistan, 1,8%-i Qətər, 2,9%-i İsrail, 1,5%-i Qazaxıstan, 1,7%-i İraq, 2,2%-i ABŞ, 1,6%-i Almaniya, 1%-i Gürcüstan, 0,9%-i Bəhreyn, 17,7%-i digər ölkələrin vətəndaşlarının payına düşüb.
Cari ilin 6 ayı ərzində mehmanxanaların nömrə fondundan istifadə səviyyəsinin orta göstəricisi ölkə üzrə 2019-cu ilin yanvar-iyun ayları ərzində 21,6%-ə qarşı 7,6% təşkil edib. Bu göstərici Bakıda 11,4%, Naftalanda 21,7%, Qubada 11,8%, Qusarda 13,6%, Beyləqanda 21,8%, Şabranda 12,8%, Naxçıvan Muxtar Respublikasında 8,3% səviyyəsində olub.
DSK-dan qeyd olunur ki, bütün göstəricilər üzrə azalma bütün dünya üzrə turizm sənayesinə mənfi təsir göstərən koronavirus pandemiyası ilə şərtlənir. **
X.Nəsirzadə