Xarici işlər naziri Ceyhun Bayramov Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı səfiri Örl Litzenberqerlə ikitərəfli əməkdaşlıq məsələlərini və Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsini müzakirə ediblər.
“C.Bayramov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, o cümlədən Azərbaycan-Ermənistan beynəlxalq sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələri tərəfindən törədilən sonuncu hərbi təxribat, Ermənistanın əvvəlcədən planlaşdırılmış bu təcavüz aktı ilə güddüyü məqsədləri, habelə təxribat zamanı azərbaycanlı mülki şəxslərin və infrastrukturların məqsədli şəkildə hədəfə çevrilməsi və bir nəfər mülki şəxsin öldürülməsi faktını qarşı tərəfin diqqətinə çatdırıb. Nazir Azərbaycanın münaqişənin həlli üzrə danışıqların davam etdirilməsinin tərəfdarı olduğunu, lakin bu danışıqların imitasiya yox, mahiyyət üzrə aparılan real danışıqlar olmasının zəruriliyini vurğulayıb”, - deyə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildiriblər.
Görüşdə tərəflər iki ölkə arasında bir çox sahələrdə mövcud olan geniş əməkdaşlıq münasibətlərini, o cümlədən enerji sahəsində əməkdaşlıq, Azərbaycan-ABŞ İqtisadi Tərəfdaşlıq Komissiyasının fəaliyyəti, qlobal təhlükəsizlik məsələlərində əməkdaşlıq, COVID-19 epidemiyası ilə mübarizədə həmrəylik və digər məsələləri müzakirə ediblər.
Səfir Azərbaycanın ABŞ üçün mühüm tərəfdaş ölkəsi olduğunu qeyd edib.*
N.Abbasova