"Azersulfat" MMC Sumqayıt Kimya Sənaye Parkının (SKSP) rezidenti statusunu aldı, sulfat turşusu parkında istehsalat quracaq. Bu barədə parkın operatoru olan “SKSP” MMC-dən məlumat verilib.
"Sənaye parkının ərazisində sulfat turşusu zavodu tikmək üçün "Azersulfat" qabaqcıl texnologiyalardan istifadə edəcək. Layihəyə qoyulan investisiyalar 10 milyon manatı (hazırkı məzənnə ilə $5.88 milyondan çox) ötəcək. İstismara verildikdən sonra zavodda 30-dan çox daimi iş yeri açılacaq", - deyə məlumatda bildirilir.
İstehsal olunan məhsulların "Made in Azerbaijan" brendi ilə həm daxili, həm də xarici bazarlara tədarükü gözlənilir.
"Azersulfat" MMC SKSP-nin 23-cü rezidenti oldu.
Sumqayıt Kimya Sənaye Parkı ölkədə innovativ və yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli sənaye istehsalının inkişafı üçün münbit şəraitin formalaşdırılması, bu sahədə sahibkarlığın dəstəklənməsi, qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi və əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədilə yaradılıb.
Bütövlükdə, parkın rezidentləri layihələrə $3,1 milyard sərmayə qoymalıdırlar. 2020-ci il aprel ayının əvvəlinə rezidentlər tərəfindən faktiki olaraq $2,8 milyard sərmayə yatırılıb.*
N.Abbasova