Prezident İlham Əliyev son iki həftə ərzində Azərbaycanda koronavirusla bağlı müsbət dinamikanın olduğunu qeyd edir.
“Artıq iki həftədir ki, ölkəmizdə sağalanların sayı yoluxanların sayından çoxdur. Müsbət dinamika budur. Biz hamımız çox istəyirik ki, bu karantin rejimi tezliklə başa çatsın, tezliklə öyrəşdiyimiz həyat tərzinə qayıdaq. Ancaq biz görürük ki, bir balaca yumşalma olan kimi, xəstəliyin vüsəti dərhal genişlənir, yayılması sürətlə gedir və insanların həyatı təhlükə altına düşür”, - deyə dövlət başçısı Şəkidə koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli xəstəxananın açılışında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, hazırda ölkəmizin 46 xəstəxanasında koronavirus xəstələri müalicə alır.
“Mən təqribən üç ay bundan əvvəl modul tipli xəstəxanaların alınması ilə bağlı göstəriş vermişdim. Bildirmişdim ki, qısa müddət ərzində 10 xəstəxana ölkəmizə gətirilməlidir. Artıq 9-u hazır vəziyyətdədir. Onuncu xəstəxana isə yəqin ki, avqust ayında istifadəyə veriləcək. Beləliklə, bu proqram tam icra edilir. Bu günə qədər beş xəstəxana açılıb və 10 xəstəxananın fəaliyyəti nəticəsində bizim əlavə 2 min çarpayılıq xəstəxanalarımız olacaq. Bununla paralel olaraq, artıq Fövqəladə Hallar Nazirliyinin 800 çarpayılıq xəstəxanası açılıb. Həmçinin 1300 çarpayılıq ikinci xəstəxana da açılacaq. Beləliklə, orada 2100 çarpayı olacaq. Artıq iki min çarpayı fondu vardır. Bu, 4100 çarpayı edir. Altı əlavə modul tipli xəstəxananın fəaliyyəti nəticəsində bizdə təqribən 6 minə yaxın çarpayı fondu yaranır. Əlbəttə ki, əgər bu məsələlər öz həllini tapmasaydı, biz bu gün koronavirusla bağlı çox böyük problemlərlə üzləşə bilərdik”, - deyə prezident qeyd edib.
O əlavə edib ki, operativ tədbirlər nəticəsində bu gün laboratoriyaların sayı 31-ə çatıb. “Bizim planımız bu laboratoriyaların sayını 45-ə çatdırmaqdır”, - deyə İ.Əliyev vurğulayıb.*
A.Əzizov