Türkmənistan və Azərbaycanın xarici işlər nazirləri Rəşid Meredov və Ceyhun Bayramov telefonla koronavirus pandemiyası şəraitində ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər. Bu barədə Türkmənistan Xarici İşlər Nazirliyinin saytında məlumat verilib.
Telefon söhbəti zamanı koronavirus pandemiyası şəraitində birgə effektiv və əlaqələndirilmiş qarşılıqlı fəaliyyətin zəruriliyinə xüsusi diqqət yetirilib.
Nazirlər, həmçinin Türkmənistan ilə Azərbaycan arasında siyasi-diplomatik, ticari-iqtisadi və mədəni-humanitar sahələrdə qarşılıqlı faydalı tərəfdaşlığın şaxələndirilməsinə yönəlmiş birgə səyləri müzakirə ediblər.
Bu kontekstdə nəqliyyat və tranzit sahələrində ikitərəfli əməkdaşlığın intensivləşdirilməsi xüsusi vurğulanıb.
Bundan başqa, diplomatlar regional və beynəlxalq siyasətə dair aktual məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Türkmənistanın xarici işlər naziri məsul vəzifəyə təyin olunması münasibətilə C.Bayramovu ürəkdən təbrik edib.*