İyulun 31-də Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və İran İslam Respublikasının prezidenti Həsən Ruhani arasında baş tutmuş telefon danışığı zamanı “Şimal-Cənub” nəqliyyat dəhlizinin yaradılması məsələsi müzakirə edilib.
Azərbaycan prezidentinin mətbuat xidmətindən verilən məlumata görə, telefon danışığı Azərbaycan tərəfinin təşəbbüsü ilə baş tutub.
“Söhbət zamanı İ.Əliyev və H.Ruhani ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə dostluq münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik bildiriblər. “Şimal-Cənub” nəqliyyat dəhlizinin icrası ilə bağlı məsələlər də müzakirə edilib. Hər iki tərəf bu layihənin strateji əhəmiyyətə malik olduğunu vurğulayıblar”, - deyə məlumatda qeyd olunur.
Prezidentlər pandemiya ilə bağlı vəziyyəti də müzakirə edərək bu istiqamətdə səylərin birləşdirilməsinin önəmini vurğulayıblar və bununla bağlı hər iki ölkənin yüksək vəzifəli rəsmiləri arasında videokonfransların təşkil olunmasını qərara alıblar.
Əliyev İran prezidentini və İran xalqını müqəddəs Qurban bayramı ilə əlaqədar təbrik edib.*
A.Əzizov