Avqustun 1-də Azərbaycan Respublikası baş nazirinin müavini Şahin Mustafayev ilə İran İslam Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Mahmud Vaezi arasında telefon danışığı olub. Bu barədə Nazirlər Kabinetinin məlumatında deyilir.
“Telefon danışığı zamanı tərəflər Azərbaycan ilə İran arasında müxtəlif sahələrdə, xüsusilə iqtisadi, ticarət, sənaye tranzit və daşınmalar sahəsində əlaqələrin inkişafından məmnunluqlarını dilə gətirib və bu münasibətlərin daha da genişləndirilməsi yollarını müzakirə ediblər.
Tərəflər pandemiya ilə bağlı vəziyyəti də müzakirə edərək bu istiqamətdə səylərin birləşdirilməsinin önəmini vurğulayıblar və bununla bağlı hər iki ölkənin müvafiq qurumları arasında təcrübə mübadiləsinin aparılmasının vacibliyinə toxunublar.
Qeyd olunub ki, iki ölkə arasında iqtisadi və ticarət əlaqələrinin səhiyyə protokollarına əməl olunmaqla davam etdirilməsində heç bir maneə yoxdur. Pandemiyanın mövcudluğuna baxmayaraq, iki ölkənin ticarət və tranzit mübadiləsi qorunub, hətta artım da var.
Söhbət zamanı Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin təkmilləşdirilməsi də müzakirə edilib. Hər iki tərəf bu layihənin strateji əhəmiyyətini vurğulayıb, bu sahədə həyata keçirilən tədbirlərə dair fikir mübadiləsi aparıblar. Həyata keçirilən birgə layihələrin, xüsusilə avtomobil və dəmir yolu əlaqələrinin genişləndirilməsinin hər iki ölkə ilə yanaşı, region üçün də əhəmiyyəti qeyd olunub.*
B.Rüstəmbəyov