Avqustun 5-dən Bakı və Sumqayıtdakı çimərliklərin fəaliyyəti ilə bağlı yeni portal istifadəyə veriləcək. Bu barədə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev məlumat verib.
"www.cimerlik.az portalına Bakı və Sumqayıtdakı 100-dən çox çimərlik, onların ərazisi, yerlərin sayı və s. haqqında məlumatlar daxil edilib. Çimərliyə getmək üçün xüsusi icazə almağa və yer bronlaşdırmağa ehtiyac yoxdur. Konkret çimərliyə getmək istəyənlər real vaxt rejimində sayt vasitəsilə onun doluluq səviyyəsi barədə məlumatla tanış ola və lazım gələrsə, başqa çimərlik seçə bilərlər. Nəzərə almaq lazımdır ki, çimərlik tamamilə dolu olarsa, onun ərazisinə yeni ziyarətçilər buraxılmayacaq", - deyə Mehdiyev bu gün brifinqdə bildirib.
O, həmçinin qeyd edib ki, çimərliklər saat 08.00-dan 21:00-dək fəaliyyət göstərəcək. Çimərliklərin fəaliyyəti müvafiq dövlət qurumları tərəfindən razılaşdırılmış xüsusi qaydalarla tənzimlənəcək.
Mehdiyevin sözlərinə görə, ziyarətçilər tərəfindən məsafənin qorunması tələblərinə və çimərliklərin fəaliyyət qaydalarına riayət olunmasına nəzarət ASAN xidmət könüllüləri tərəfindən həyata keçiriləcək.
"Bu məqsədlə 1000-dən artıq könüllü cəlb olunub və onlar çimərliklərin giriş-çıxışında vəziyyəti tənzimləyəcək, eləcə də koronavirusun yayılmaması üçün ziyarətçilər tərəfindən sanitar-epidemioloji tələblərə riayət olunmasına nəzarət edəcəklər", - deyə sədr əlavə edib.
O, həmçinin deyib ki, vətəndaşlar portala daxil edilməmiş çimərliklərə getdikdə, gigiyena tələblərinə riayət olunması ziyarətçinin özünün məsuliyyətidir, çünki belə çimərliklərdə xilasetmə və digər dövlət xidmətlərinin fəaliyyəti və normal fəaliyyət üçün təmizlik işləri həyata keçirilmir.*
N.Abbasova