Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlir və xərclərinin ilkin proqnozla müqayisədə 0,8% - 4 milyard 784 milyon 689,4 min manata qədər azaldılması təklif olunur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
Dəyişikliklər koronavirus (COVID-19) pandemiyasının təsirlərinin aradan qaldırılması üçün 2020-ci il dövlət büdcəsində təklif olunan dəyişikliklərlə bağlıdır.
Xüsusilə dəyişikliklər dövlət büdcəsindən DSMF-yə transfertlərin 16,7% - 1 milyard 188 milyon 194,03 min manata qədər azaldılmasını nəzərdə tutur.
Bundan başqa, büdcə təşkilatlarında çalışan işçilərin icbari sığortası üzrə DSMF-yə daxilolmalar 1 milyard 405 milyon 6,47 min manat (azalma 0,2%), özəl sektordan isə 1 milyard 987 milyon 588,3 min manat (artım 0,13%) səviyyəsində proqnozlaşdırılır.
Qalan daxilolmalar sair gəlirlər üzrə proqnozlaşdırılır.
Dəyişikliklərə əsasən, xərclərin strukturunda əhaliyə 4 milyard 644 milyon 759,4 min manat məbləğində vəsaitin (azalma 0,9%) yönəldilməsi planlaşdırılır. O cümlədən, pensiyaların ödənilməsinə 4 milyard 543 milyon 309,4 min manat (azalma 0,6%), müavinətlərin ödənilməsinə 101,45 milyon manat (azalma 11,5%) yönəldiləcək.
Pensiya və müavinətlərin verilməsi ilə bağlı bank xidməti xərcləri 33 milyon manat (azalma 2,7%) səviyyəsində proqnozlaşdırılır.*
Ə.Məmmədov