Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 2020-ci ilin iyul ayında valyuta hərraclarında $515,5 milyon məbləğində xarici valyuta satıb. Bu barədə fondun məlumatında deyilir.
ARDNF bu ilin iyun ayında valyuta hərraclarında $373,2 milyon məbləğində xarici valyuta satıb. Beləliklə, iyul ayında xarici valyuta satışının həcmi iyun ayı ilə müqayisədə 38% artıb.
“İnterfaks-Azərbaycan” agentliyinin fondun aylıq məlumatları əsasında apardığı hesablamalara görə, cari ilin yanvar-iyul aylarında ARDNF valyuta hərraclarında $4 milyard 525,7 milyon (ötən ilin müvafiq dövrü ilə müqayisədə artım 47% - İF) satıb.
Mart ayında neftin kəskin ucuzlaşması fonunda Azərbaycanda xarici valyutaya tələb artsa da, martın 29-dan etibarən tədricən azalmağa başlayıb.
Hazırda ARDNF valyuta hərraclarında valyuta satışının əsas mənbəyi kimi çıxış edir.
ARDNF-dən bildiriblər ki, fond cari ildə valyuta hərraclarında $6,8 milyard məbləğində xarici valyuta satmağı planlaşdırır.
Xəbər verildiyi kimi, fond 2019-cu ildə valyuta hərraclarında $6 milyard 593,86 milyon məbləğində xarici valyuta satıb (2018-ci illə müqayisədə artım 2,1% - İF).*
Ə.Məmmədov