Prezident İlham Əliyev bu gün Yasamal rayonunda salınacaq meşə tipli yeni parkın layihəsi ilə tanış olarkən onun tikintisinin ilin sonuna qədər başa çatdırılmasını tapşırıb. Bu barədə dövlət başçısının rəsmi saytında məlumat verilir.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov prezident İ.Əliyevə və birinci xanım Mehriban Əliyevaya meşə tipli yeni parkda yaradılacaq şərait barədə məlumat verib.
Onun sözlərinə görə, layihə dörd hektar ərazini əhatə edir. Meşə zonası parkın ərazisinin 70 faizini əhatə edir. Bundan əlavə, uşaq meydançası, fitnes və kafe zonaları da var. Parka girişin qarşısında avtodayanacaq təşkil ediləcək.
Yeni park Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, 75 və 75A ünvanında (Cəfər Cabbarlı adına kinostudiyanın arxası) yerləşəcək.*
X,Nəsirzadə