"SOCAR Construction" MMC (SOCAR-ın "törəmə"si) Belarus ərazisində "Drujba" magistral neft kəmərinin iki qolunu birləşdirəcək Qomel-Qorki magistral boru kəmərinin inşası layihəsində iştirak etməyi planlaşdırır.
"Belarus prezidenti 2020-ci il aprelin 29-da Qomel-Qorki neft kəmərinin rekord müddətdə inşası haqqında sərəncam imzalayıb. Layihə 2023-cü ildə təhvil verilməlidir. Bu layihənin məqsədi Belarusa neft tədarükünün şaxələndirilməsidir. Hazırda “SOCAR Construction” şirkəti Qomel-Qorki boru kəmərinin tikintisində iştirak etməklə bağlı fəal danışıqlar aparır və Belarusda uzunmüddətli layihələrin həyata keçirilməsinin davam edəcəyinə ümid edir", - deyə "İnterfaks-Azərbaycan" agentliyi "BELTA" dövlət agentliyinə istinadən məlumat verir.
"SOCAR Constriction" MMC ümumittifaq miqyaslı iri layihələrin həyata keçirilməsində çoxillik təcrübəyə malikdir. 1949-cu ildə təsis edilmiş şirkət (o dövrdə “Azərdənizneftinşaat” adlanırdı) dünya şöhrətli Neft Daşları layihəsini həyata keçirib. "SOCAR Construction", həmçinin Belarusda həyata keçirilən tikinti layihələrində, xüsusilə "Mozır NEZ" ASC-də ağır neft qalıqlarının hidrokrekinqi kompleksinin tikintisində texnoloji boru kəmərlərinin quraşdırılması layihəsində iştirak təcrübəsinə malikdir.*
N.Abbasova