Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları bazar ertəsi gecə saatlarında qaçaqmalçılıq yolu ilə 23,6 kiloqram narkotik vasitənin gətirilməsinin qarşısını alıblar. Bu barədə DSX-nın mətbuat xidmətindən məlumat verilib.
“Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində “Hyundai” markalı 99-TF-671 dövlət nömrə nişanlı avtomobilin sürücüsünün özünü şübhəli aparması sərhəd naryadının diqqətini cəlb etmişdir. Hərəkətdə olan avtonəqliyyat vasitəsi saxlanılmışdır. Avtomobilin sürücüsünün 1989-cu il təvəllüdlü Cəbrayıl rayonunun Mehdili kəndində anadan olan Səfərov Xəqani olması müəyyənləşdirilmişdir”, - məlumatda qeyd olunur.
Avtomobilə baxış keçirilən zaman 1 kq 62 qr marixuana, 15 kq 256 qr heroin, 3 kq 964 qr metamfetamin, 2 kq 122 qr həşiş və 1460 ədəd “Metadon-40” həbi aşkar olunaraq götürülmüşdür.
Bildirilir ki, fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir. **
X.Nəsirzadə