Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin “TurAz Qartalı - 2020” birgə taktiki-uçuş təlimlərinə helikopterlər cəlb edilib. Bu barədə Müdafiə Nazirliyndən məlumat verilir.
“Məşqlərin praktiki hissəsində bazalanma aerodromlarından uçuş edən helikopterlər müxtəlif epizodlar üzrə tapşırıqları icra edirlər. Taktiki-uçuş məşqləri zamanı qarşıya qoyulan tapşırıqlar helikopter ekipajları tərəfindən müvəffəqiyyətlə yerinə yetirilir”, - məlumatda qeyd olunur.
Xəbər verildiyi kimi, “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, illik plana uyğun olaraq ölkəmizdə hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri keçiriləcək. Plana əsasən təlimlər avqustun 1-dən 5-dək quru qoşunlarının da cəlb edilməsi ilə Bakıda və Naxçıvanda, hərbi aviasiya vasitələrinin iştirakı ilə isə iyulun 29-dan avqustun 10-dək Bakı, Naxçıvan, Gəncə, Kürdəmir və Yevlax şəhərlərində keçiriləcək.
Birgə təlimlərdə iki ölkənin ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, həmçinin hərbi aviasiya və hava hücumundan müdafiə vasitələri cəlb ediləcək.**
X.Nəsirzadə