2020-ci ilin yanvar-iyul aylarında Azərbaycan Dövlət Neft Fondu (ARDNF) “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan və “Şahdəniz” yatağından hasil edilən mənfəət nefti və qazının satışından $2 milyard 700,5 milyon məbləğində gəlir əldə edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə fonddan məlumat verilib.
“2020-ci ilin yanvar-iyul aylarında ARDNF AÇG blokundan hasil edilən mənfəət neftinin satışından $2 milyard 485 milyon gəlir əldə edib”, – deyə məlumatda bildirilir.
2020-ci ilin yanvar-iyul aylarında ARDNF “Şahdəniz” yatağından çıxarılan mənfəət qazı və kondensat satışından $215,5 milyon gəlir əldə edib. Bu dövrdə fondun kondensat satışından gəlirləri $149 milyon, qaz satışından gəlirləri $66,5 milyon məbləğində olub.
2019-cu ilin yanvar-iyul aylarında ARDNF AÇG blokundan və “Şahdəniz” yatağından hasil edilən mənfəət nefti və qazının satışından $5 milyard 357 milyon gəlir əldə edib. Beləliklə, 2020-ci ilin 7 ayı ərzində bu gəlirlər 2 dəfəyə qədər azalıb.
“Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin işlənməsi haqqında müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və elə həmin ilin dekabrın 12-də qüvvəyə minib.
Müqavilənin müddəti 2024-cü ildə başa çatmalı olsa da, 2017-ci il sentyabrın 14-də Bakıda AÇG blokunun 2050-ci ilədək işlənməsi haqqında yeni müqavilə imzalanıb.
Yeni müqavilə üzrə BP (Britaniya - layihənin operatoru) 30,37%, SOCAR 25%, “MOL” (Macarıstan) 9,57%, “ExxonMobil” (Amerika) 6,79%, ONGC (Hindistan) 2,31%, “Inpex Corp.” (Yaponiya) 9,31%, “ITOCHU Oil” (Yaponiya) 3,65%, “Equinor” (Norveç) 7,27%, TPAO (Türkiyə) 5,73% pay sahibidir.
Yeni saziş çərçivəsində 2050-ci ilədək investisiya qoyuluşları $43 milyard məbləğində qiymətləndirilir və 500 milyon tondan çox neft hasil olunacağı nəzərdə tutulur.
“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator – 28,8%), “Petronas” (15,5%), SOCAR (16,7%), LUKOIL (10%), NICO (10%) və TPAO (19%) şirkətləridir.
1999-cu ildə yaradılmış ARDNF-də neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən və digər mənbələrdən daxil olan gəlirlər toplanır.*
N.Abbasova