Azərbaycan və Türkiyə vətəndaşları üçün 90 günlük vizasız rejim 2020-ci il avqustun 13-dən qüvvəyə minəcək.
“Bu il fevralın 25-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında Saziş” 13 avqustdaqüvvəyə minəcək”, - deyə Dövlət Miqrasiya Ximətindən “İnterfaks-Azərbaycan” agentliyinə bildirilib.
Sazişə əsasən, Azərbaycan və Türkiyə vətəndaşları 90 gün müddətinə viza tələbindən azad edilirlər.
Fevralın 25-də Bakıda Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclası keçirilib. İclasın yekunları üzrə müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın genişləndirilməsinə yönəlmiş 14 sənəd imzalanıb. Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov və Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı vizadan azadetmə haqqında Saziş”i imzalayıblar.*
X.Nəsirzadə