“SOCAR Aviation” şirkəti (“SOCAR Turkiye Enerji” şirkətinin törəmə strukturu) Milas-Bodrum hava limanında yanacaqdoldurma məntəqəsini istismara verib. “İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, bu barədə Türkiyə mətbuatı “SOCAR Turkiye Enerji” şirkətinə istinadən xəbər verir.
““SOCAR Aviation” Milas-Bodrum hava limanında aviaşirkətlər üçün illik yanacaq təchizatı ilə bağlı keçirilmiş tenderdə qalib gəldikdən sonra Milas-Bodrum yanacaqdoldurma obyektini istifadəyə verib. Obyektdən ilk yanacaq təchizatı cari ilin iyul ayının sonunda Türk Hava Yollarına gerçəkləşdirilib”, – deyə məlumatda bildirilir.
“SOCAR Aviation” şirkəti Milas-Bodrumda təchizat obyektinin istismarı üçün Enerji Bazarında Nizamlama Qurumunun lisenziyasını alıb.
“Bu obyektdə 1,5 min kubmetr tutuma malik 3 təyyarə yanacağı sisterni yerləşir. Ümumilikdə 4,105 min kvadratmetr sahəni əhatə edən obyekt mövcud infrastrukturu ilə ildə 70 min kubmetr yanacaqdoldurma potensialına malikdir ki, bu da hava limanının ümumi istehlakının 50%-nə bərabər olmaqla ildə təxminən 3 min təyyarəni yanacaqla təchiz etməyə imkan verir”, - deyə məlumatda qeyd olunur.
“SOCAR Aviation”, həmçinin İzmir hava limanında da yanacaqdoldurma məntəqəsini işə salmağı planlaşdırır.
2013-cü ildən Türkiyənin aviasiya bazarında fəaliyyət göstərən “SOCAR Aviation” İstanbulda Atatürk, Sabiha Gökçen və ölkənin bir sıra digər hava limanlarında aviaşirkətlərin yanacaq ehtiyaclarını təmin edir.*
N.Abbasova