Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Tovuz rayonunu Ermənistan Respublikası silahlı qüvvələrinin intensiv atəşə tutması nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılmasına dair əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb.
Sərəncama əsasən, Tovuz rayonunun Ağdam, Dondar Quşçu, Vahidli, Əlibəyli, Yuxarı Öysüzlü və Aşağı Öysüzlü kəndlərində mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılması məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Fövqəladə Hallar Nazirliyinə 1 milyon manat məbləğində vəsait ayrılır.
Nazirlər Kabinetinə Tovuz rayonunun Ağdam, Dondar Quşçu, Vahidli, Əlibəyli, Yuxarı Öysüzlü və Aşağı Öysüzlü kəndlərində sosial infrastrukturun yaxşılaşdırılması məqsədilə zəruri hesab olunan işlərə dair təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb.
Sərəncamın mətni bu gün dövlət başçısının saytında dərc olunub.
Prezident İlham Əliyev 2020-ci il iyulun 20-də Tovuz rayonunu Ermənistan Respublikası silahlı qüvvələrinin intensiv atəşə tutması nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın qiymətləndirilməsini tapşırıb.
Dövlət başçısının imzaladığı sərəncama əsasən, İqtisadiyyat Nazirliyinə Fövqəladə Hallar Nazirliyi ilə birlikdə mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın qiymətləndirilməsini qısa müddətdə təmin etmək tapşırılıb.*
X.Nəsirzadə