Mart-iyun ayları ərzində koronavirusla mübarizədə iştirak edən tibbi personala 58 milyon 300 min manat məbləğində əlavə verilib. Bunu baş nazir Əli Əsədov deyib.
“Prezidentin sərəncamına uyğun olaraq, koronavirusla mübarizədə iştirak edən 64 min 38 nəfər tibbi personala mart-iyun ayları ərzində 58 milyon 300 min manatlıq məvacib vaxtında çatdırılıb”, - deyə o, bu gün ölkədə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirilən müşavirədə bildirib.
Baş nazirin sözlərinə görə, digər ölkələrdən böyük təcrübəyə malik olan həkim personalı Azərbaycana gətirilib. Bu həkimlər Türkiyə, Rusiya, Çin, İtaliya və Kubadandır. Bu gün ümumilikdə 215 nəfərdən ibarət tibbi heyət bizim həkimlərlə bərabər fəaliyyət göstərir.
Ə.Əsədov əlavə edib ki, hökumət biznes üçün müəyyən yumşalmalar nəzərdə tutur.
“Açılmaqda olan obyektlərin fəaliyyəti üzrə bizim tərəfimizdən lazım olan bütün təlimatlar hazırlanıb. Buna nəzarət üçün xüsusi qruplar və qurumlar ayrılıb”, – deyə o qeyd edib.
Baş nazir vurğulayıb ki, insanlar maska və sosial izolyasiya rejiminə hələ uzun müddət riayət etməlidir.*
N.Abbasova