Cümə günü Sumqayıtda “Azərkimya” İB-nın Etilen-Polietilen zavodunun ərazisində yanğın baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat verib.
“FNH-nin "112" qaynar telefon xəttinə Etilen-Polietilen zavodunda yanğın olması barədə məlumat daxil olub. Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış ünvanına cəlb olunub. Görülmüş tədbirlər nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb. Yanğının məhdudlaşdırılması həyata keçirilir. Hazırda yanğınıntam söndürülməsi istiqamətində işlər aparılır”, - nazirlikdən qeyd olunur.
SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov yerli mətbuata müsahibəsində bildirib ki, yanğın qaynaq işləri zamanı baş verib.
“Hazırda plana uyğun olaraq illik texniki baxış ilə əlaqədar müəssisədə istehsalat işləri dayandırlıb. Zavodun modernizasiya və yenidən qurulması işlərinin son mərhələsi aparılır. Podratçı tətrəfindən həyata keçirilən işlər zamanı qısa alışma olub, lakin yanğın tez zamanda söndürülüb”, - o vurğulayıb.
Onun sözlərinə görə, hadisə zamanı zavodun bir neçə əməkdaşı xəsarət alıb.
“Onların vəziyyəti orta ağır kimi qiymətləndirilir, onlar xəstəxanaya yerləşdirilib”, - Əhmədov bildirib.
Öz növbəsində, “İnterfaks-Azərbaycan”a TƏBİB-dən məlumat verilib ki, yanğın nəticəsində 7 nəfər xəsarət alıb. “Onlardan biri artıq evə buraxlıb, 6 nəfər Bakıya göndərilib. Həmin şəxslərdən birinin vəziyyəti ağır kimi qiymətləndirilir”, - TƏBİB-dən vurğulanıb. **
N.Abbasova