Yaxın zamanda Belqrad Ermənistan-Azərbaycan sərhədində döyüşlərdə Ermənistan tərəfindən Serbiya istehsalı olan silahlardan istifadə məsələsinin araşdırılması ilə bağlı Bakıya yüksəksəviyyəli nümayəndə heyəti göndərəcək. Bunu Serbiya prezidenti Aleksandr Vuçiç deyib.
“Avqustun 7-də Serbiya prezidenti Azərbaycan prezidenti İlham Əliyevə telefonla zəng edib. Aleksandr Vuçiç iyul ayında Ermənistan-Azərbaycan sərhədində hərbi toqquşmalarda Ermənistan tərəfinin Serbiyada istehsal olunan silahlardan istifadə etməsindən təəssüf hissi keçirdiyini bildirib. O, bu vəziyyətin araşdırılması ilə bağlı yaxın vaxtlarda Azərbaycana Serbiyanın yüksəksəviyyəli nümayəndə heyətinin göndəriləcəyini qeyd edib”, - Azərbaycan prezidentinin Mətbuat Xidməti məlumat verir.
Həmçinin, Aleksandr Vuçiç Azərbaycanla “strateji tərəfdaşlığa əsaslanan dostluq münasibətlərini yüksək qiymətləndirdiyini” vurğulayaraq bunun təsdiqi kimi, İlham Əliyevi Serbiyaya rəsmi səfərə dəvət edib.
Öz növbəsində İlham Əliyev qeyd edib ki, Ermənistan tərəfinin Azərbaycanın hərbi və mülki mövqelərini atəşə tutması zamanı Serbiya istehsalı olan hərbi sursatlardan istifadə etməsi faktı Azərbaycan cəmiyyəti tərəfindən narahatlıqla qəbul edilib.
“Prezident Əliyev Serbiyanın yuxarıda göstərilən faktın araşdırılması və əməkdaşlığın perspektivlərinin müzakirə edilməsi üçün yüksəksəviyyəli nümayəndə heyətinin göndərilməsi barədə qərarı ilə bağlı məmnunluğunu ifadə edib. Tərəflər gələcəkdə ölkələrimiz arasında dostluq əlaqələrinə kölgə sala biləcək hərəkətlərə yol verilməməsi barədə qərara gəliblər. Həmçinin, İlham Əliyev Serbiyaya səfər ilə əlaqədar dəvətə görə minnətdarlığını bildirib”, - məlumatda qeyd olunur.
Xatırladaq ki, Serbiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Danitsa Veinoviç Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb.
“Görüşdə xarici işlər nazirinin müavini Xələf Xələfov əldə edilmiş etibarlı və təsdiqlənmiş məlumata əsasən Serbiyadan Ermənistana minaatanlar və müxtəlif kalibrli hərbi sursat da daxil olmaqla böyük həcmdə silah-sursatın göndərildiyini qarşı tərəfə bildirib. Bu xüsusda, Serbiya tərəfinin Ermənistanın işğalçı siyasətinə və Azərbaycanın ərazi bütövlüyünə qarşı davam edən təcavüzünə dəstək xarakteri daşıyan qeyri-dost addımının Azərbaycan xalqında və rəhbərliyində dərin təəssüf və acı məyusluq doğurduğunu bildirilib. X.Xələfov bu cür qeyri-dost fəaliyyətlərin Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında dostluq münasibətlərini və strateji tərəfdaşlığa xələl gətirdiyini, yüksək səviyyədə mövcud qarşılıqlı etimada kölgə saldığını vurğulayıb”, - deyə XİN-in məlumatında bildirilib.
Qeyd olunub ki, Ermənistan hərbi qüvvələrinin Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində hücum əməliyyatları zamanı əsasən müxtəlif kalibrli minaatanlardan istifadə edilib.
D.Veinoviç qeyd olunan məsələlərlə bağlı məlumatının olmadığını söyləyib, məlumatları Serbiya tərəfinə çatdıracağını vəd edib.**
A.Əzizov