Azərbaycan prezidenti İlham Əliyev cümə günü “Azərbaycan İnvestisiya Holdinqi” publik hüquqi şəxsin yaradılması haqqında fərman imzalayıb. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
AİH-nin nizamnamə kapitalı 10 milyon manat təşkil edəcək (cari məzənnə ilə $5,88 milyon).
AİH dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin vahid prinsiplər əsasında idarə olunması, onların fəaliyyətinin təkmilləşdirilməsi, o cümlədən həyata keçirdikləri investisiya proqramlarının şəffaflığının və iqtisadi səmərəsinin yüksəldilməsi, rəqabət qabiliyyətinin artırılması, maliyyə sağlamlığının və dayanıqlılığının yaxşılaşdırılması məqsədilə
Nazirlər Kabineti AİH-in idarəetməsinə veriləcək dövlət müəssisələri ilə bağlı təkliflərini və AİH-in fəaliyyətinin təşkili və təmin edilməsi xərclərinin maliyyələşdirilməsi üçün dövlət müəssisələrinin AİH-ə ödəyəcəkləri haqqın formalaşma mexanizmi ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan prezidentinə təqdim etməlidir.
Azərbaycan İnvestisiya Holdinqi onun idarəetməsinə verilmiş dövlət şirkətlərinin və müəssisələrinin, dövlət payı olan təsərrüfat cəmiyyətlərinin vahid prinsiplər əsasında idarə edilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, o cümlədən həyata keçirdikləri investisiya proqramlarının şəffaflığının və iqtisadi səmərəsinin yüksəldilməsi, onların rəqabət qabiliyyətinin təmin olunması, maliyyə sağlamlığının və dayanıqlılığının yaxşılaşdırılması sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir.
AİH-in idarəetmə orqanları Müşahidə Şurası və İdarə Heyətidir. Şura Azərbaycan prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi Şuranın sədrindən və digər 4 üzvdən ibarətdir.
İdarə Heyəti 5 üzvdən – İdarə Heyətinin sədrindən və digər üzvlərdən ibarətdir. İdarə Heyətinin sədrini Azərbaycan prezidenti vəzifəyə təyin və vəzifədən azad edir. İdarə Heyətinin üzvlərindən biri eyni zamanda AİH-in idarə edilməsinə məsul olan Baş icraçı direktordur. İdarə Heyətinin digər üzvlərini, o cümlədən Baş icraçı direktoru İdarə Heyəti sədrinin təqdimatı əsasında Şura vəzifəyə təyin və vəzifədən azad edir. **
Ə.Məmmədov