2020-ci ilin I yarısında Avrasiya nəqliyyat dəhlizi (TRACECA) çərçivəsində Azərbaycan ərazisi ilə yük daşımalarının həcmi 21 milyon 687,1 min ton təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 13,7% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə dəhliz çərçivəsində 6 milyon 515,1 min ton yük və ya bütün yükdaşımaların 30%-i dəmir yolu nəqliyyatı (2019-cu ilin yanvar-iyun ayları ilə müqayisədə artım 3,9% - İF), 12 milyon 590,7 min tonu və ya 58,1%-i avtomobil nəqliyyatı (azalma 22,9%), 2 milyon 581,3 min tonu və ya 11,95%-i dəniz nəqliyyatının (artım 1,4%) payına düşüb.
Cari ilin yanvar-iyun aylarında avtomobil nəqliyyatı ilə daşımaların azalması koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar tətbiq edilən məhdudiyyətlərlə izah olunur.
Bu dövrdə TRACECA çərçivəsində yük daşımalarının ümumi həcmində 4 milyon 332 min ton və ya 20% (artım 6,8%) tranzit yüklərin payına düşüb.
2019-cu ildə TRACECA çərçivəsində Azərbaycan ərazisi ilə 52 milyon 761,9 min ton yük, o cümlədən 8 milyon 77,2 min ton (15,3%) tranzit yük daşınıb.
Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi (Avropa İttifaqının TRACECA proqramı) Frankfurtu (Almaniya) Şanxayla (Çin) birləşdirir.
Proqramın iştirakçıları Azərbaycan, Ermənistan, Gürcüstan, Bolqarıstan, Rumıniya, Ukrayna, Moldova, Türkiyə, Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğızıstan və Əfqanıstandır.*
N.Abbasova