“Abşeronneft” Neft-Qaz Çıxarma İdarəsinin stasionar dəniz özülündə əməkdaşlardan biri itkin düşüb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə “Azneft” İstehsalat Birliyindən (İB) məlumat verilib.
“Avqustun 9-da “Abşeronneft” NQÇİ-nin 1100 saylı stasionar dəniz özülündə neft və qaz hasilatı üzrə operator işləyən Elşən Kazımovun saat 19:00 radələrində iş yoldaşları tərəfindən özüldə olmadığı müəyyən edilib. “Elşən Kazımovu axırıncı dəfə həmin gün saat 15:40 radələrində usta Vidadi Əliyevlə birlikdə iki quyuda ölçmə işləri apararkən görüblər”, - deyə məlumatda bildirilir.
“Sonradan iş otağında onun çəkmələri, mobil telefonu və gödəkcəsi tapılıb. İşçinin meydançada axtarışı aparılıb, lakin onu tapmaq mümkün olmayıb. Onun itkin düşməsi haqqında rəhbərliyə məlumat verilib, gəmilər və dalğıclar vasitəsilə ətraf ərazidə dənizdə axtarış işləri aparılıb. Hazırda helikopter, gəmilər və dalğıclar axtarış işlərini davam etdirir”, - deyə “Azneft” İB-dən qeyd ediblər.*
B.Rüstəmbəyov, N.Abbasova