Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) qırıcı təyyarələrinin ekipajları təlim-məşq uçuşları keçiriblər. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“"TurAz Qartalı - 2020" Azərbaycan-Türkiyə birgə taktiki-uçuş təlimlərinin birinci mərhələsində Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) qırıcı təyyarələrinin ekipajları təlim-məşq uçuşları keçiriblər”, - deyə məlumatda bildirilir.
Təlimin mərhələsinin senarisinə uyğun olaraq hərbi təyyarəçilər pilotaj texnikası, həmçinin qoşa və manqa ilə uçuşları məşq ediblər.
Döyüş təyyarələrinin ekipajları qarşıya qoyulmuş tapşırıqları müvəffəqiyyətlə icra ediblər.
Azərbaycan-Türkiyə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri avqustun 1-dən 5-dək quru qoşunlarının da cəlb edilməsi ilə Bakıda və Naxçıvanda keçirilib, hərbi aviasiya vasitələrinin iştirakı ilə isə iyulun 29-dan avqustun 10-dək Bakı, Naxçıvan, Gəncə, Kürdəmir və Yevlax şəhərlərində keçirilir.
Birgə təlimlərə iki ölkənin ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, həmçinin hərbi aviasiya və hava hücumundan müdafiə vasitələri cəlb edilib.*
X.Nəsirzadə