Bu gün Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.
Məhkəmədən “İnterfaks-Azərbaycan” agentliyinə verilən məlumata görə, iclasda bir sıra bankların əmanətləri bloklanmış əmanətçilərinə kompensasiyanın verilməsi məsələsinə baxılıb.
“Məhkəmənin qərarına əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsini nəzərə alaraq, “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.2.6-cı maddəsinə, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 47-ci və 48-ci maddələrinə əsasən təshih tədbirinin tətbiqindən sonra qəbul edilmiş, həcmi artırılmış və şərtləri dəyişdirilmiş əmanətlər qorunan əmanətlər hesab edilir”, - deyə məlumatda bildirilir.
Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 944.1-ci maddəsinə uyğun olaraq, bank əmanəti müqaviləsi əmanətçinin əmanəti banka verdiyi andan bağlanmış sayılır və ilkin (əsas) müqavilə kimi qəbul olunmalıdır. Əmanət müqavilələrinin miqrasiya olunduğu tarix əmanət müqaviləsinin bağlanma vaxtı hesab edilə bilməz.
“Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz”, - deyə məlumatda qeyd olunur.
Xəbər verildiyi kimi, tənzimləyicilərin depozit qəbulunu dayandırmaq barədə xəbərdarlığına baxmayaraq, “AtaBank”, “AGBank” və “NBCBank” əmanət qəbulunu davam etdirib. Hazırda banklar ləğv olunma prosedurundan keçir və qadağa dövründə onların qəbul etdikləri əmanətlər üzrə kompensasiya ödənilməməlidir.
AMB-nin qiymətləndirmələrinə görə, bu səbəbdən həmin banklarda bloklanmış əmanətlərin məbləği 80 milyon manat təşkil edir.
Konstitusiya Məhkəməsinin qərarı əmanətləri bloklanmış hesab edilən əmanətçilərə kompensasiya almaq imkanı verəcək.
Xəbər verildiyi kimi, aprel-may aylarında AMB kapital problemi ilə üzləşmiş və ödəmə qabiliyyəti aşağı olan 4 bankın – “AtaBank”, “Amrahbank”, “AGBank” və “NBCBank”ın lisenziyalarının ləğv edilməsi barədə qərar qəbul edib. Bu banklar müflis elan edilib və onların ləğv edilməsi prosesi başlayıb. Bankların ləğvedicisi ADIF-dir.*
X.Nəsirzadə