Əmanətlərin Sığortalanması Fondu (ADİF) avqustun 14-dən etibarən “Atabank”, “NBCBank” və “AGBank”ın əmanətçilərinə bloklanmış əmanətlər üzrə kompensasiyaların ödənilməsinə başlayacaq.
“Bu üç bankda bloklanmış əmanətlər üzrə kompensasiyaların ödənilməsinə avqustun 14-dən başlanacaq”, - Fonddan məlumat verilir.
Xəbər verildiyi kimi, tənzimləyicilərin depozit qəbulunu dayandırmaq barədə xəbərdarlığına baxmayaraq, “AtaBank”, “AGBank” və “NBCBank” əmanət qəbulunu davam etdirib. Hazırda banklar ləğv olunma prosedurundan keçir və qadağa dövründə onların qəbul etdikləri əmanətlər üzrə kompensasiya ödənilməməlidir.
AMB-nin qiymətləndirmələrinə görə, bu səbəbdən həmin banklarda bloklanmış əmanətlərin məbləği 80 milyon manat təşkil edir.
Konstitusiya Məhkəməsinin dünən qəbul etdiyi qərara əsasən, ləğv prosesində olan “ATABank” ASC, “NBCBank” ASC və “AGBank” ASC-də təshih tədbirlərinin tətbiqindən sonra qəbul edilmiş, həcmi artırılan və şərtləri dəyişdirilən əmanətlər qorunan əmanət hesab edilib, həmçinin ləğv prosesində olan “Atabank” ASC-nin əmanətçilər qarşısında öhdəliklərinin reyestrində səhvən qorunmayan əmanət kimi qeydə alınmış əmanətlər üzrə bank əmanəti müqaviləsi əmanətçinin əmanəti banka verdiyi andan bağlanan sayılması və ilkin (əsas) müqavilə kimi qəbul olunması qərara alınıb.
Xəbər verildiyi kimi, aprel-may aylarında AMB kapital problemi ilə üzləşmiş və ödəmə qabiliyyəti aşağı olan 4 bankın – “AtaBank”, “Amrahbank”, “AGBank” və “NBCBank”ın lisenziyalarının ləğv edilməsi barədə qərar qəbul edib. Bu banklar müflis elan edilib və onların ləğv edilməsi prosesi başlayıb. Bankların ləğvedicisi ADIF-dir.**
A.Əzizov