İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) koronavirus pandemiyasından zərər çəkmiş fərdi (mikro) sahibkarlara əlavə maliyyə dəstəyinin göstərilməsi prosesinə start verib. Bu barədə nazirliyin məlumatında deyilir.
“Maliyyə dəstəyinin ikinci mərhələsi çərçivəsində belə dəstəyə daha çox ehtiyacı olan və birinci mərhələdə 250 manat həcmində birdəfəlik ödəniş alan fərdi (mikro) sahibkarlara təkrarən vəsait ödənilir”, - deyə məlumatda bildirilir.
Avqustun 11-dən başlayaraq, ikinci mərhələ çərçivəsində 49 421 fərdi (mikro) sahibkarın bank hesablarına maliyyə dəstəyi köçürülməsinə başlanılıb.
Fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi proqramının birinci mərhələsi çərçivəsində indiyədək daxil olmuş və təsdiqlənmiş 111 209 müraciət üzrə maliyyə dəstəyinin bank hesablarına köçürülməsi üçün təqdim edilib. Təsdiq olunmuş müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 63,66 milyon manat təşkil edir.
“Artıq birinci mərhələ çərçivəsində 63,55 milyon manat vəsaitin 106 907 nəfər fərdi (mikro) sahibkarın bank hesablarına köçürülməsi təmin olunub”, - deyə məlumatda qeyd olunur.*
B.Rüstəmbəyov